ADENOİD NƏDİR?
Adenoidlər – burun-udlaq badamcıqlarının əsasını təşkil edən limfa toxumasının törəmələridir. Uşaqlarda adenoidlər bir neçə mərhələ üzrə inkişaf edir. İlkin mərhələdə uşaq yatarkən çətin nəfəs alır, bu vaxt badamcıqlara qan axını gücləndiyindən onlar böyüyür və havanın burun boşluğundan keçməsinə maneə olur. Beləliklə, uşaq xoruldayır, yatan zaman nəfəs almasında çətinlik yaranır, yuxusu pozulur. Adenoidlər böyüdükcə burunla sərbəst nəfəs almaq mümkün olmur, ona görə uşaq ağızla nəfəs alır və gündüzlər fısıldayır.
Fəsadları:
Əgər adenoidlər vaxtında müalicə olunmasa, qriplə yanaşı, bir çox fəsadlar baş verə bilər:
– Haymorit, eşitmə boruları dəliklərinin adenoidlərlə tutulmasından otitlər yarana və eşitmə səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşə bilər.
– Uşaq ağızla nəfəs aldığından orqanizmə nisbətən az oksigen daxil olur. Nəticədə psixi inkişafda ləngimələr baş verir, onlar diqqətsiz olur, tez yorulurlar.
– Düzgün nəfəs alınmadığından, üzün formasında dəyişiklik yaranır, dişlər yerinə düzgün oturmur. Valideynlər diş əyrilikləri üçün Ortodontlara müraciət edirlər. Ama bu problemin ilkin səbəbi məhz nəfəsalmada olan problemdir.
Bu fəsadlardan qorunmaq üçün vaxtında müalicə lazımdır.
Adenoidlərlə mübarizədə cərrahi müdaxilə daha effektli hesab olunur. Əməliyyat ümumi anesteziya ilə aparılır. Əməliyyat müddəti 15-20 dəqiqədir. Burun udlaqda olan adenoid toxuması endoskop nəzarəti ilə adenotom vasitəsilə kəsilərək xaric olunur. Bir neçə saatlıq stasionar nəzarətindən sonra pasiyent evə göndərilir.
Əməliyyatın fəsadları olurmu?
Fəsadlar çox nadir hallarda baş verir. Məsələn anesteziya riski mümkündür ki, bu da xəstənin sağlamlığı ilə bağlıdır. Lakin əməliyyatdan öncə xəstə bir neçə analiz və müayinələrdən (qanın ümumi analizi, EKQ və s) keçir və bu zaman hər hansı bir riskin olub-olmayacağı barədə həkimlər qərar verirlər. Qanaxma da nadir hallarda baş verir.
Uşaq bu problemdən ötüşə bilərmi?
Adenoidlərin, adətən ikinci on illik yaş dövründə reqressiyası, yəni kiçilmə prosesi başlayır. Lakin ağızla nəfəs alma, yuxuda xoruldama kimi problemlər varsa, ikinci onilliyi gözləmək lazım deyil.
Öz – özünə müalicə mümkündürmü?
Böyük adenoidlərin özbaşına müalicəsi effektli deyil. Kəskin adenoidi olan uşaqları təkrar boğaz ağrılarından, soyuqdan qorumaq üçün onların tez-tez əl yumamasına, pis havalandırılan otaqlarda və adam çox olan yerlərdə olmamasına çalışmaq lazımdır.